* Şakir Məhbusi
*
Bu gecə,şimşəklər çilikləyir
bulud evlərin pəncərəsini,
küləklər üşüdür səssiz yarasaların
zümzüməsini -yağmur yağır-
Üşüyür, bir uşağın
bayaqdan həyətdə sürdüyü,
toz basmış kirli oyuncağı,
darıxır səndən ötrü
sevgimizin isti qucağı -yağmur yağır-
*
Gizlənib yağmurdan
ləçəklər altında may böcəkləri,
sarılıb gecənin qoynuna bir gözəlin
qarara hörukləri -yağmur yağır-
*
Çəkir göylərə gözlərimin yuxusunu,
yuyur əllərimdən
ipək saçlarının qoxusunu -yağmur yağır-
*
Yağmur yağır
öpür damla damla yanaqlarından.
qorxuram yuyub aparsın adımı
-həlim dodaqlarından –
yağmur yağır…
yağmur yağır…
*
Şakir Məhbusi-AZƏRBAYCAN.