Qubadlımın

Qafqaz ƏVƏZOĞLU

*

=1988-ci ildə Qubadlıda bir dəfə də olmayan
dostum Avasət məktubunda yazmışdı:
“Qubadlıya gəlmək istəyirəm, Qubadlı gözəlmi?..”

Qubadlı gözəlmi?! – soruşan dostum,
Bir başqa büsatı var Qubadlımın!
Qışı da gözəldi, yazı da gözəl,
Özün gəl, hüsnünü gör Qubadlımın!

*

Buludlar “Hərtiz”i, “Səngər”i öpür,
Həkəri, Bərgüşad çağlayıb ötür.
Tələs, əziz dostum, tez ayaq götür,
Özünü çölünə vur Qubadlımın!

*

Dağlardan seyr eylə gen dərələri,
Laləli, nərgizli biçənəkləri,
Qalxıb bələnləri, aş gədikləri,
Düzündə köhlənin yor Qubadlımın!

*

Bərabər baş çəkək biz oymaqlara,
Dönək meşələrə, buz bulaqlara…
Qulluq eyləmişik çox qonaqlara,
Olmarıq gözündə xar Qubadlımın!

*

Mərdi-mərdanədir oğulu-qızı,
İtirməz kəsdiyi çörəyi-duzu,
Bizə qonaq gələn getməz narazı,
Bal dadar qoynunda şor Qubadlımın!

*

Nəbisi, Həcəri dillər əzbəri,
Bizlərin himnidir illərdən bəri.
Dünyaya verdiyi şəxsiyyətləri,
Ediblər adını car Qubadlımın!..

*

Gəl ki Əvəzoğlu sevinsin-gülsün,
Sənin qulluğunda okivar dursun…
Amma bir sözüm var, gözündən olsun,
Kim baxsa hüsnünə xor Qubadlımın!!



1988

Qubadlı rayonunun ” Bərgüşad” ictimai-siyasi qəzetinin baş redaktoru,

“Sözün sehri” qəzetinin təsisçisi, Süleyman Rəhimov adına ədəbi-ictimai birliyinin təsisçisi və sədri, “Müqəddəs qələm” və “Qızıl kitab” media mükafatları laureatı

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Facebook
Twitter
YouTube
Instagram