– XURAMAN HÜSEYN
*
I.
ağaçların yorulmağını
saralıb yerə düşən yarpaqlar daha yaxşı bilir
bu payız günlərində
yarpaqlar tərk edir ağacları
yarpaqlar
siz də müvəqqətisiniz ağacların həyatında
sevgi kimi əbədi deyilsiniz
onlar sizi dünyaya gətirir
bəsləyir böyüdür
soyuğa dözə bilmirsiniz
neyləyəsiniz
gedin, gedin
yaz gələndə gələrsiniz
ağaclar yenə dünyaya gətirəcək
böyüdəcək sizi
ağaclar
soyuqda, istidə
nazınızla oynayarlar
həmişə sevərlər sizi
ata, ana övladını sevən kimi
II.
gecə yarı
şəhərin yuxulu gözləri süzülür
şərab kimi
səhərə sarı
birazdan
gecə öz libasını soyunacaq
adamlar gecəni çılpaq görmək üçün
yuxudan oyanacaq