– QAFQAZ ƏVƏZOĞLU
*
Nadan gözlərində qiymətsiz oldun,
Dönüb oyuncağa satılan Şuşam!
Alışdın bir anda, yandın bir anda,
Ocaq tək qalanıb çatılan Şuşam,
Dönüb oyuncağa satılan Şuşam!
*
Şuşa alınarsa bir paslı güllə,
Vurmayıb başına söz verən hələ…
Dönüb ümidlərim tamam müşkülə,
Düşən yuvasından pərən bir quşam,
Dönüb oyuncağa satılan Şuşam!
*
Tər güllü qucağın, çiçəkli çölün,
Qanına bələndi neçə oğulun
Didəmdə yurd salıb sovrulan külün,
Qəlbindən gözünə süzülən yaşam,
Dönüb oyuncağa satılan Şuşam!
*
Hələ bir kimsəyə çatmayır ünün,
Hələ bir zülmətdi hər gələn günün.
Sinəsi gülləli neçə büstünün,
Ümid qığılcımı sönür hər axşam,
Dönüb oyuncağa satılan Şuşam!
*
Olmasa bu qədər qeyrət çəkənin,
Qoynuna qayıtmaq gümandı sənin!
İnanıb vədinə yadın, özgənin,
Hələ xəyallarla qucaqlaşmışam,
Dönüb oyuncağa satılan Şuşam!